Diz çöküb qarşında dua edirəm.
Ucalardan uca bilirəm səni.
Saxla öz yanında ruhumu, Allah,
Bir də bu dünyaya gətirmə məni.
Sirli röyalarım dağılacaqsa,
Arzum gözlərimdə boğulacaqsa,
Əzabım mənimlə doğulacaqsa,
Bir də bu dünyaya gətirmə məni.
Namərdi mərdindən çox olacaqsa,
Alim ac, gədalar tox olacaqsa,
Yaranmışlar bir gün yox olacaqsa,
Bir də bu dünyaya gətirmə məni.
Bu yalan dünyanın tərs aynası var,
Sevincə bənzəyən çox bəlası var.
Təkrar görməyimin nə mənası var?
Bir də bu dünyaya gətirmə məni.
Gördüm bu dünyanı, quru qəfəsdir,
Sən bizə verdiyin ibrətli dərsdir.
Bir dəfə peşiman olmuşam, bəsdir.
Bir də bu dünyaya gətirmə məni...
#NüsrətKəsəmənli🖤
©nzrinaslan
N