*Dünya haqqında şeir*
Yayma xəmir kimi xəyallarımı
Çək mənim üstümdən yuxanı dünya,
Üstümü görübdü unlu çox adam
Olmayıb sözümə baxanı dünya,
Namərdin qəlbinə dəyən oxam mən
Xeyirdə var oldum, şərdə yoxam mən
Qorxma, talamaram səni toxam mən
Dörd əlli tutmaram yaxanı dünya,
Cahilçün əbədi ola bilərsən
Düşünmə könlümü ala bilərsən
Çətin ki qəlbimə sala bilərsən
Gözümdən süzülüb ,axanı dünya,
Gələrsən zalımın əlbət xoşuna
Aldanmam, gözünə, nə də qaşına
Sən niyə qoyursan dağın başına?!
Mərdləri kələklə yıxanı dünya,
Sağlam ürəyimə yara gətirdin
Məni azdıraraq hara gətirdin?
Əlində bəxtimi qara gətirdin
Geyinib qapqara çuxanı dünya
Özünü ucuz bir bazar etmisən
Çox insan ömrüylə nahar etmisən
Çaqqala, tülküyə şikar etmisən
Yoluna şir kimi çıxanı dünya
Müəllif: Ümid Sadə
©umidsade
U