XOŞ GƏLİR
Səsin məlahətli, sözün incədi
Qadanı alaram, danış xoş gəlir
Bu əsl sevgidi, dözmür ürəyin
Bir saat küsürsən, barış xoş gəlir
Qəm çəkən bədbəxti, qəm vurur yenə
Həm qayğı göstərir, həm vurur yenə
Kimsə, səadətdən dəm vurur yenə
Kiməsə bər-bəzək naxış xoş gəlir
Yoxmu dostlarından xəbər a kişi
Vəfasız dünyada gəbər a kişi
Qoy əlin bağlasın qəbər, a kişi
Alnının təriylə çalış xoş gəlir
Bəxtinə nə ulduz, nə ay verirlər
Nə onun hayına haray verirlər
İçi qızıl dolu saray verirlər
Şərəfin satana, satış xoş gəlir
Ümidsiz dünəndən çıxan sabahəm
Kafirin qəlbində böyük günahəm
Harasa dağılır daşqınla bahəm
Harasa rəhmətlə,yağış xoş gəlir
Məhəbbət işində çoxları naşı
Axıdır, gülümsər gözlərdən yaşı
Əsas vicdanına rahat qoy başı
Daşdan belə olsa, balış xoş gəlir
Salma ürəyini naləyə aha
Sanma sevgi ucuz, ayrılıq baha
Adam özünə də inanmır daha
Dostlar yaman gəlir, tanış xoş gəlir
Ümid Sadə
©umidsade
U