Bu qədər əziyyət etmə, mənə bu rəva deyil ki,
Səni sevməyim nə nöqsan, və nə də xəta deyil ki.
Nə üçün gileylənirsən, nə olub, nədir ki dərdin?
Sənə mən nə etmişəm, de, bu ki naz-əda deyil ki.
Kimi keçdi dindən oldu kimi də əsiri-vadi,
Yəni ki sevib-sevilmək, təzə ixtira deyil ki.
Nə olar ki səhvim oldu, məni əfv elə, bağışla,
Bu həyatda hansı insan guya bixəta deyil ki?
Demə ki vəfasız oldun, sənə sadiqəm, əzizim,
Bir ömür sənin yolunda, bu canım fəda deyil ki?
Gözucu rəqibə bir də, belə baxma oğrun-oğrun,
Sənə özgələr mənim tək axı mübtəla deyil ki.
Gedirəm, qəm etmə artıq, bir ölümdü də, Əfəndim,
Ölürəm doğulmaq üçün, bu ki son vida deyil ki..
02.12.2018
©arazefendi
A