Müəllif Ömür Yazar
Dəniz apardı!
Yoruldum həyatın kirli üzündən,
Sonsuzca uzandım dənizə sarı.
Bəlkə ürəyimdən yuya apara,
Yarımçıq sevgimi, əbədi yarı.
Hər kəs bir mənfəət umdu, istədi,
Kim dərdimi bildi, düzələr dedi.
Mən sevgi yoxsulu, sevgi gözlədim,
Mən gözləyərkən o, ömrümü yedi.
Ey insan başına tamah edənlər,
Yeyib bitirdiniz görürsünüzmü?.
Mən bircə dəfə də ölüb getmişəm,
Siz hər gün dirilib, ölürsünüzmü?.
Gəlmə məzarıma, sevmirəm deyən,
Gəlib çıxacaqsan necə qarşıma.
Mən torpaq altında, sən üst tərəfdən
Aram-aram nəzər, sal baş daşıma.
İndi rahatlaşın, rahat yaşayın
Mən ölmədim məni siz öldürdünüz,
Gedirəm son dəfə belə üzümü,
Saxta təbəssümlə siz güldürdünüz.
Ey dəniz, mən təki yaralı dəniz,
Gəlirəm al məni, sar qollarına.
Hər bir kəsdən ümid üzən kimsəsiz,
Təkcə sığınıbdır dalğalarına.
Məni yuyundurub dəniz apardı,
Siz kirli insanlar, batdıqca batın.
Mən əbədi yuxu görürəm daha,
Siz dünya evində rahatca yatın!
Ömür karvanımın dayanacağı,
Dayandı düşürəm salamat qalın.
Mən son günahımı edib gedirəm.
Siz babal götürüb, günahlar alın!
©ömüryazar
Ö