V

DÖZƏ BİLMƏZSƏN

Məni həsrətinlə sınama ey yar
Sonra həsrətimə dözə bilməzsən.
Dünyanı başıma gəl eləmə dar
Baxaram özgə bir gözə bilməzsən.
Buraxıb əlini gedərəm sənin
Qəlbini həsrətlə didərəm sənin
Özümə bir özgə bilərəm səni
Sonra həsrətimə dözə bilməzsən.
Gözündən yağdırıb odlu yağışı
Gizlədərəm səndən gözü,baxışı
Salaram üzünə hicran naxışı
Sonra həsrətimə dözə bilməzsən.
Közünə soyuqda qızınaram mən
Ömründən torpaq tək qazınaram mən
Bəxtinə ,bəxtsiz tək yazılaram mən
Sonra həsrətimə dözə bilməzsən.
O qara saçında ağ dən olaram
Alnına qırışlar,izlər salaram
Qəlbini ömürlük səndən çalaram
Sonra həsrətimə dözə bilməzsən.
Adım tək Ümmana dönə bilərəm
səni ürəyimdən yuyub,silərəm
Üzümə baxmasan ölə bilərəm
Sonra həsrətimə dözə bilməzsən.

ÜMMAN.