M

~...DÜNYADI...~

İndidən əlini üz bu dünyadan
Ayrılıb gedəsən düz bu dünyadan
Heç kəsə danışma söz bu dünyadan
Əvəzin birə-beş alan dünyadı!

Danışsan dərdini, anlamaz səni
Çətinə düşəndə yanlamaz səni
Deyirsən heç zaman danlamaz səni?!
Birinci səs-küyü salan, dünyadı!

Hamını köçürüb, viran qalacaq
Sonunda özü də giryan qalacaq
Qalayıb odunda büryan qalacaq
Əzəldən bu cürnə talan dünyadı!

Hiyləsi görəni kor eyləyibdi
Eşidən kəsləri kar eyləyibdi
Aldadıb yerini gor eyləyibdi
Hiyləli,azdıran, yalan dünyadı!

Sevdirib qəlbini bağlar özünə
Uydurar dövlətli, varlı sözünə
Qüssəni, kədəri çəkər üzünə
Bircə sevinc içrə qalan dünyadı!

Qırılır bu dərddən sazların simi,
Aldanıb itirdim mən sevincimi,
Rabil, qorun ondan düşmənin kimi
Çoxusun eyləyən nalan, dünyadı!
🍂QəmliAşiq🍂
©qemliaşiq