U

HEÇ BİLİRSƏN? (Ümid Sadə)

~~~HEÇ BİLİRSƏN~~~
Yordun məni taqətsizəm
Batdığımı, çökdüyümü
Sənsiz ötən günlərimlə
Qamətimi bükdüyümü
Heç bilirsən?
İtirmişəm mən dözümü
İslatmışam üz-gözümü
Susdurmuşam öz-özümü
Mənim nələr çəkdiyimi
Heç bilirsən?
Həsrətinə döndüyümü
Yoxluğunu dandığımı
Səhərləri söndüyümü
Gecələri yandığımı
Heç bilirsən?
Qorxusuzca gəzdiyimi
Qəm-kədəri böldüyümü
Əllərimi üzdüyümü
Yaşayaraq öldüyümü
Heç bilirsən?
Axtarmıram boş yer sənə
Çünki hər yer sənlə dolu
Ey qəlbimin eşq sultanı
Oldum sənsizliyin qulu
Heç bilirsən?
Xəyalların dəcəl uşaq
Gah gizlənir gah görünür
Vücudumuz ayrı-ayrı
Ruhum ruhuna bürünür
Heç bilirsən?
Mən sevgini Sən bilirəm
Gəzmə hicrin qarəsində
İndi mənə anlat görüm
Söylə sevgi barəsində
Heç bilirsən?
Səndən artıq şirkim olar
Səndən əskik xəyanətdi
Sən ordasan, mən burdayam
Uzaqlığın əziyyətdi...
Heç bilirsən?
Ayı varmı Günəş qədər
gecə-gündüz sevən biri,
Axşam Günəş ölər Ay çün
Ay da gecə qalar diri?
Heç bilirsən!
Dünya görüş yeri gülüm,
Axirətdə qovuşarıq
Bəlkə biz də bu dünyada
Görüşmədən sovuşarıq
Heç bilirsən?
©umidsade_