İsmi-Əzəmlə qura şair gərək misrasını
Əmr o Sultandandısa axsatma gəl icrasını
Qəbul et Ondan gələn hər bir bəlanı sirri var
Aşiq heç eylərmi öz məhbubini bir söylə xar?!
Məxluqatdan tək səni hər kəsdən üstün eyləmiş
Təkcə dünyadə sənə bir tək xəlifəm söyləmiş
Yəni ki, hər bir cəhətdən əla etmişdir səni
Böylə üstünlükdə Allah-tala etmişdir səni
Var edib hər neməti saydıqca bitməz cürbəcür
Bunları sənçün yaratmış ömrü rahatlıqla sür
Cəhd elə çıx imtahandan uyma nəfsin əmrinə
Fəhm edərsənsə vararsan əyri, həm düz fərqinə
Gəl yaranmışlar şərindən sən sığın Allahına
Hey asanlıq göndərər hər vaxt sənin bir ahına
Sidq ürəklə istəsən eylər duanı müstəcab
Rəhmətindən göndərər bir saf işə milyon savab
Tək Odur hər bir şeyi yoxluqda ikən var edən
Biz günahkarlar ilə çox mehriban rəftar edən
Tək Odur hər vaxt yenilməz güc və qüvvət sahibi
Məliki-yəvmiddinin, son gün, qiyamət sahibi
Bizlər Ondan gəlmişik, bir-bir dönür hər kəs Ona
Merac, ömrün karvanı yetsin gözəlliklə sona
🍃MERAC🍃
©merac
M