Mən sənin ruhunu yuxularımda,
Hər gecə görməyə adət etmişəm.
Həmişə dəvətsiz gəlmisən amma,
Bu gecə gələrsən dəvət etmişəm..
Çöllərə düşmüşəm yolumu azıb,
Həsrətin öldürüb, qəbrimi qazıb,
Bütün çəkdiyimi kağıza yazıb,
Sənə göndərməyə cürət etmişəm..
Sən insafsız biri, nazlı, ədalı,
Mən qəlbi yaralı, başı bəlalı,
Ağlını itirmiş adam misalı,
Sübhəcən şəklinlə söhbət etmişəm..
Sənə toxunmağa əlim gəlməyib,
Yanmışam ələ heç külüm gəlməyib,
Adını çəkməyə dilim gəlməyib,
Səni ürəyimdə niyyət etmişəm..
Ayrıldıq, ah-naləm ucaldı göyə,
O gündən başladım içkiyə, meyə,
Ürəyimə sözüm keçməyib deyə,
Həmişə özümə nifrət etmişəm..
©derdiqelem
1