X

Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı

Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,
O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı.
Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərxan.
Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı.
Dizim üstü o məktəbdir ki, Nuh onda gəmi salmış.
Gəmim - Cudi dağı, gözdən axan yaş isə tufanı.
Bu cür insanlara Cudi dağı ancaq topuqdandır,
Dizinə onların çıxmaz su, tufan tutsa dünyanı.
Deyil bu məktəbə layiq o kəs ki, dərdi cuş etsə,
Qopub tufan dörd yandan, onun sarsılmaz ərkanı.
Dizi məktəb olan kəsdə gərək bir hümmət olsun ki,
Önündə it kimi diz çökdürə bilsin o, aslanı.
O insan ki, dözüb dərdə, baş əyməz mərdə, namərdə,
Onu diz çökdürə bilməz tutan dörd əlli dünyanı.
Bu məna Xızrını hər kəs ətəkdən tutsa Musa tək,
Suyu xatırladar Xızrı, əli möcüzdə Musanı*.
Onun təlqininin şərhi sükut ilə olar təvil,
Bütün təlimi müşküldür cəhalət isə bürhanı.
Mənim öyrəndiyim ilk söz bu məktəbdə "sükut" oldu,
Bəladır dil başa, lakin, sükutdur dərd dərmanı.
Məni ilk dərsdə ustad dildən eylədi məhrum,
O dilli bərbətə dilsiz, neyin üstündür əfğanı.
Qalarkən ney kimi dilsiz, dodaqdan can əta etdi,
Dedi: - Ney tək gözündən al nəfəs, -verdi bu fərmanı.
Məni təlqin butasında əritdi, yaxdı, ta məndə,
Nə şeytan hiyləsi qaldı, nə də ki, Adəm üsyanı.
Mənə öyrətdi çox şeylər, yazarsam cüzünü, çatmaz,
Səmanı dəftər etsəm də, mürəkkəb - cümlə dəryanı.
O "əbcəd" ki, mənə ustad təlim etdi təcridi,
Saralmış çöhrəmə yazdı qızıl xətlə gözüm qanı*.
O gün ki,sirri yoxluqdan ibarət "əbcəd"i bildim,
Unutdum varlığa baglı olan hər bir müəmmam.
Görüncə bilməməkdir bu qəribə məktəbin elmi,
Unutdum hafizəmdə yer tutan hər elmü ürfanı.
Qəribə elm öyrəndim, başa düşdüm ki, nadanam,
Əcəb ustaddır, təlim edir mən kimi nadanı.
Necə ayinədə tuti görər öz əksini, lakin,
Gələr nitqə təəccübdən, olar əksinin heyranı.
Ömür keçdi bu məktəbdə, hələ "əbcəd"dəyəm aciz,
Nə vaxt dərk eylərəm, aya, müəmmalı bu divanı.
©xaqani