B

Mənim şeirim

Əbədi bir od kimi öz içindən közərib
Hey yanır şeirim mənim.
Bu günümdən sabaha
boylanır şeirim mənim.
Gəzib dildə, dodaqda,
Uçur, uçur həmişə özümdən də qabaqda.
İdrakımın gözləri,
Əqidəmin ən təmiz, ən mənalı sözləri,
Duyan ürəyi şeirim,
Bütün diləklərimin ən saf diləyi şeirim.
Sən ayın, ulduzların nurundan yoğrulmusan,
Batan gecələrimin açılan səhərlərə
salamı sən olmusan.
İstərəm sətirlərin bu günümdən səs alan
əks-sədaya dönsün.
Əsrimizin nəbzi də ahəngində döyünsün.
İstəmirəm ki, şeirim nərmənazik qızların
saçında ətir olsun.
İstərəm gün altında pambıq yığan qızların
başında çətir olsun.
Can vermə hər ötərgi dərd-qəmə, şeirim mənim,
Əzmə-büzmə gözələ bənzəmə, şeirim mənim.
Sən atəş ol, sən od ol,
yandır da sən, yax da sən.
İldırım ol, çax da sən.
Göstər öz işığında bu dünyaya özünü,
Bir an yumma gözünü,
Həm gör sən, həm də göstər!
Fərəhləri fərəhdə, qəmi də qəmdə göstər.
Demirəm ki, zərrəni geniş kürrədə göstər.
Qüdrətin varsa sənin,
Sən bu boyda kürrəni kiçik zərrədə göstər.
Sən düşün dərin-dərin, düşündür dərin-dərin,
Vətənini, elini danan tüfeylilərin
Vətənçin yox,
manatçın yanan tüfeylilərin
yumruğa dön başında.
Keşikçi ol bu yurdun torpağında, daşında.
Vüqarı ol, əzmi ol əyilməyən başların,
Qəlbində mərmiyə dön əsl vətəndaşların.
Sonsuz düşüncələrim,
Bu dünyaya sualım,
Hər istəyim, xəyalım,
Eşqim, həsrətim mənim,
İlk məhəbbətim mənim,
Hədsiz şadlığım mənim,
Bu dünyada əbədi narahatlığım mənim.
Sənə qurban verməyə bir ömür çox azdır, az.
Yalnız bircə günümün sonsuz həyəcanmı
Nəğməyə çevirməyə on ömür də çatışmaz.
Mən səninçin,
Anamsa mənimçin yandı, şeirim.
"Balamın rahatlığı yoxdur" - deyə o məni
sənə qısqandı, şeirim.
Ancaq o bilmədi ki, mən anamdan doğuldum,
Sənsə mənim qəlbimdə balamtək bəslədiyim
Duyğulardan doğuldun.
Məni anamdan alıb Vətənimə, xalqıma
Oğul edən sən oldun!
©bozkurt_az