Ey vəfasız dəhr, səndə dörd qəribim var mənim,
Səbrü-elmin məzhəri məzlum həsibim var mənim.
Ey dəhr, heç qədrü-qiymət bilmədin sən bivəfa,
Ey qoca, çirkin zənən, heç görmədik səndən həya,
Xəlqə tüğyan, kin-küdurət, həm də öyrətdin riya,
Sən, nicat bəxş eyləyən Mövlalərə etdin cəfa,
Anladım ordan, nə cür səndən nəsibim var mənim!
Ey dəhr, mehrinlə çox nəfsi giriftar eylədin,
Zənni hazır göstərib, çox zülmə vadar eylədin,
Hüsnünə məftun qılıb, sonra zəlil-xar eylədin,
Sən bu yolla qəflət-əhlindən günahkar eylədin...
Əlqərəz, çox hiyləgər, xain rəqibim var mənim.
Ey həlakət yurdu, verdin qırğına keçmişləri,
Tez unutdurdun, yaman tez, bir ömür vərdişləri,
Susdurub vaizləri, tökdün damaqdan dişləri,
Cəhd edib min vəch ilə pozsan da hər dəm işləri,
Aləmə səhman verən Mövlam, həbibim var mənim.
Ey gədalər mülkü, əsla sən özün sanma ğəni,
Səndə bitməz arizulər soldurub çox gülşəni,
Xəlq edən xəlq etməyib müşküllərə məlhəm səni,
Səndən olsa, istəməz könlüm şəfasın, ey dəni,
Gül üzü min dərdə dərman öz təbibim var mənim.
Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
©familnehme
F