B

Şairler..!

Şairə heykəllər qoyulan zaman,
Deyirlər, ona bax, nə bəxtəvərmiş.
Ancaq demirlər ki, mən yaşayırkən,
O öz sinəsini masaya gərmiş.
O keçib canmdan ömrə qıyanda
Sənin nəşələrin aşıb-daşırdı.
O ki yaşamırdı, sən yaşayanda
Sənin yerinə də o alışırdı.
Dəryanın dibindən çıxmamış hələ
Tanımaq olmayır mərcanı, dürrü.
Sən həsəd aparma o daş heykələ
Ömürdən sonradır onların ömrü.
Şairlər, şairlər, bircə söz üstə
Sübhədək yaxdınız ürəyinizi.
Sizi görmədilər heç vaxt diz üstə -
Qəribə yaradıb təbiət sizi!
Hamıdan gec yatıb qalxdınız erkən
Ağardı dan yeri gözlərinizdə.
Min əzab çəkdiniz siz yaşayırkən
Ölüb yaşadınız sözlərinizdə.
Zamandan-zamana əqidənizi
Keçirib yaşatdı nəğmələriniz;
Adi bir uşaq da aldadar sizi –
Xəyal dünyasında yaşadınız siz.
Bir kam almadınız siz ki, doyunca,
Sizə xoşbəxt deyən tanımır sizi.
Heç kəs çəkə bilməz ömrü boyunca
Sizin bircə gündə çəkdiyinizi.
Dünyanın əlindən dad çəkən zaman
Xəyal kölgəsində daldalandınız.
Şahların, çarların saraylarından
Alçaq daxmaları uca sandınız.
Ölümdən, sürgündən qorxmayıb əsla
Yanıb özünüzü oda atdınız.
Ürək qarımızla, amalınızla
Zindanlar küncündə söz yaratdınız.
Təqiblə gəldiniz daim döş-döşə
Yolunuz haqq yolu, həqiqət yolu.
Bu da qəribədir, sizin həmişə
Cibiniz boş oldu, qəlbiniz dolu.
Sözünüz, qəsdiniz çıxdı sınaqdan
Ötüb haqq nəğməsi, haqq oldunuz siz.
Yaşamaq naminə keçməyib haqqdan,
"Ənəl-həqq" söyləyib soyuldunuz siz.
Lağ edib güləndə haqqa yalanlar,
Siz də zəmanəyə, dövrə güldünüz.
Gah gizli-xəlvəti, gah açıq-aşkar,
Gah da duellərdə öldürüldünüz.
Dünyanı gəzdiniz siz oymaq-oymaq,
Fərəhin içində qəm gördünüz siz.
Adi bir milçəyə qıymayıb, ancaq
Bəzən özünüzü öldürdünüz siz.
Sizindir dünyanın sinə dağları
Bu dağlar içində kama çatdınız.
Siz hey yana-yana, qaranlıqları
Könül atəşilə işıqlatdınız.
Zalim zülmündə də naşıdır, naşı,
Axı, əzabdan da zövq aldınız siz.
Zalimlər, cahillər hər addımbaşı
Sizi alçaltdıqca ucaldınız siz.
Sanmayın özümü sanıram yəqin
Belə şairlərin cərgəsində...
Yox! Axı, mənim kimi şairciklərin
İlhamı az olur, iddiası çox!
Şair - fikirlərin çırpınan seli,
Şair - həqiqətin müğənnisidir.
Şair - təbiətin danışan dili,
Şair - cəmiyyətin üsyan səsidir.
Şair - zəmanənin, əsrin vicdanı,
Şair - tarixlərin şərəfi, şanı,
Şair - bu dünyaya zamanın sözü,
Şair - həqiqətin, haqqın güzgüsü!
Bütün millətləri siz anlarsnınız –
Sevən də sizsiniz qəlbən onları.
Vətənə gəlincə, məcnunlarsınız –
Vətən məcnunları, el məcnunları.
Məcnunluq gözəldir! "Bu nədir?" - deyə
Hər cahil anlamaz bu ülviyyəti,
Yazıq o kəsə ki, yoxdur bir şeyə
Nə sonsuz nifrəti, nə məhəbbəti!
Yoxdur beləsinin amalı, yolu,
Qəlbi ehtiyatdan çilik-çilikdir.
Düşmənin nifrəti deyil qorxulu,
Dostun soyuqluğu düşmənçilikdir.
Bəzən yıxıldınız ancaq çəlikdən,
Kömək ummadınız ağır gündə də.
Həmişə qaçdınız biganəlikdən,
Ürəklə öldünüz siz öləndə də.
©bozkurt_az