"Uzaqdan Sevmək"
Uzaqdan sevməkdir bu eşqin adı ,
Ayrılıq qoxuyur, həsrət qoxuyur.
Yaralı ney kimi,dilə gələndə,
Neyzən nəfəsində,həsrət oxuyur.
Nə qədər ağırmış həsrətin yükü,
Sən hardan biləsən, daşımadın ki.
Uzaq sahillərin qadınısan sən,
Mənim sahilimdə yaşamadın ki.
Sən özgə ocaqsan,mən özgə odam,
Daha yanmağa da, həvəsim gəlmir.
Sökülür ruhumun,yamaq yerləri,
Sökülür can evim,tikəsim gəlmir.
Sən hardan biləsən,hər nəfəsimdə,
Canımdan can çıxır,canım ağrıyır.
Sən adlı sənsizlik,şah damarımda,
Gəzir səfil kimi,qanım ağrıyır.
Ruhum "Ağ Kəpənək" qanadlarında,
Xəfifcə süzülüb canımdan çıxa...
Uça pərvanə tək, sən olan yerə,
Bütün pərvanələr, tən olan yerə,
Yana qanadları sevgi odunda,
Həsrətin üzülüb,canımdan çıxa.
Uzaqdan sevməkdir bu eşqin adı,
Ayrılıq qoxuyur, həsrət qoxuyur.
Yaralı ney kimi,dilə gələndə,
Neyzən nəfəsində,həsrət oxuyur.
Oğuz Alparslan
15.07.2021
©oğuz_alp
O